Kütləvi İnformasiya Vasitələrinin fəaliyyəti və şəxsi məlumatlar kontekstində qanun müddəaları

Bu Qanun Azərbaycan Respublikasında kütləvi informasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını, habelə mətbuatın, informasiya agentliklərinin, televiziya və radio təşkilatlarının vətəndaşların tam, doğru-dürüst və operativ informasiya almaq hüququnun həyata keçirilməsinə yönəldilmiş fəaliyyətinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

Maddə 10. Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi

Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri, habelə yayılması qadağan edilən digər informasiyanı yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla çevirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədaləti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir.

Uşaqlar arasında dövriyyəsi qadağan edilən və ya məhdudlaşdırılan informasiyanın istehsalçısı və yayıcısı “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməyə borcludur.

Maddə 10-1. Gizli lent yazıları

Gizli audio və video yazılardan, kino və foto çəkilişindən istifadə etməyə və ya hazırlanmış məlumat və materialları yaymağa yalnız aşağıdakı hallarda yol verilir:
1) şəxsin və vətəndaşın bu barədə yazılı razılığı varsa, habelə kənar şəxsin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş hüquq və azadlıqlarının qorunması üçün zəruri tədbirlər görülmüşdürsə.
2) məhkəmənin qərarı ilə nümayiş etdirilirsə.

Bu maddənin tələblərini pozaraq gizli audio-video yazılardan, kino-foto çəkilişindən istifadə olunması və onun yayılması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə məsuliyyətə səbəb olur.

Maddə 11. İnformasiyanın yayılmasına, informasiya mənbəyinin açıqlanmasına yol verilməyən xüsusi hallar

Kütləvi informasiya vasitəsi redaksiyasının və ya jurnalistin:
1) şəxsin gizli saxlanmaq şərt ilə verdiyi məlumatı yayılan xəbər və materiallarda açıqlamasına;
2) adının bildirilməməsi şərtilə məlumat vermiş şəxsin kimliyini göstərməsinə;
3) təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi olmadan ibtidai istintaq və təhqiqat məlumatlarını yaymasına;
3-1) Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərini olduğu kimi yaymasına;
4) yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yaymasına;
5) “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yayılmasına yol verilmir.

Kütləvi informasiya vasitəsinin məlumatın dərc olunmasına (efirə verilməsinə) məsul redaktoru və (və ya) jurnalist istintaqda yaxud məhkəmə icraatında olan işlə əlaqədar qanunla müəyyən edilmiş hallardan başqa, informasiya mənbəyini açıqlamağa məcbur edilə bilməz. Bu halda müəllif açıqlanmayan təsvirə, məqaləyə, şəkilə və ya karikaturaya görə məsuliyyət buraxılışa məsul redaktorun yaxud jurnalistin üzərinə düşür.

Redaktor və ya jurnalist aşağıdakı hallarda məhkəmə tərəfindən öz mənbəyini açıqlamağa məcbur edilə bilər:
1) insan həyatının müdafiəsi üçün;
2) ağır cinayətin qarşısını almaq məqsədi ilə;
3) ağır cinayət törətməkdə ittiham olunan yaxud təqsirli bilinən şəxsin müdafiəsi üçün.

Bu maddənin birinci hissəsinin 3-cü bəndinin tələbləri jurnalistin müstəqil təhqiqat aparmaq hüququnu məhdudlaşdırmır.

Maddə 12. Müəlliflik hüququ və əlaqəli hüquqlarının obyektlərindən və oxucu məktublarından istifadə edilməsi

Müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərindən kütləvi informasiya vasitələrinin istifadəsinə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl etməklə yol verilir.

Oxucu (dinləyici, tamaşaçı) məktubları dərc edilərkən (efirə verilərkən) onların məzmununu təhrif etməyən ixtisara və redaktəyə yol verilir. Qanunvericilikdə nəzərdə tutulmuş hallardan başqa redaksiya oxucu (dinləyici, tamaşaçı) məktublarına cavab verməyə məcbur deyildir.

Qanunvericilikdə nəzərdə tutulmuş hallardan başqa kütləvi informasiya vasitəsinin redaksiyası imtina etdiyi materiala dərc etməyə (efirə verməyə) məcbur edilə bilməz.

Maddə 44. Təkzib, düzəliş və cavab vermək hüququ

Kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır.
Şikayətçi müraciət edərkən, yaxud məhkəmə qərar çıxararkən kütləvi informasiya vasitəsi müvəqqəti olaraq dayandırılmışsa və ya onun istehsalına (yayımına) xitam verilmişsə təkzib, cavab və ya düzəliş cavabdehin vəsaiti hesabına iddiaçının istədiyi kütləvi informasiya vasitələrindən birində dərc oluna (efirə verilə) bilər.

Kütləvi informasiya vasitəsində cinayət işləri üzrə ibtidai araşdırmanın mahiyyəti və nəticələri barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatlar verildikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan məlumatın təkzib olunması və ya düzəliş verilməsi tələbi ilə müraciət etmək hüququna malikdir.

Maddə 45. Təkzib, cavab və düzəliş verilməsi qaydası

Təkzibdə hansı məlumatın həqiqətə uyğun olmadığı, həmin kütləvi informasiya vasitəsində nə vaxt və necə dərc olunduğu göstərilir. Dövri mətbu nəşrdə təkzib bir qayda olaraq məlumatın və ya materialın verildiyi səhifədə həmin şriftlə yığılır və “Təkzib” başlığı aktında dərc olunur. Gündəlik və həftəlik yayılan mətbu nəşrlər təkzib, cavab və ya düzəliş haqqında tələbin daxil olduğu gündən sonrakı nömrədə, digər dövri nəşrlər isə hazırlanan və ya yaxın günlər üçün planlaşdırılan buraxılışda təkzibi, cavabı və ya düzəlişi dərc etməlidirlər.

Təkzib, cavab və ya düzəliş radio və televiziya ilə, tələbin alındığı gündən sonrakı müvafiq verilişdə oxunur. Bu tələbi etmiş fiziki şəxsin özünə və ya nümayəndəsinə, hüquqi şəxsin rəhbərinə və ya onun səlahiyyətli nümayəndəsinə efirdə (ekranda) cavabla çıxış etmək imkanı verilə bilər.

Təkzib və ya cavab mətnində heç bir dəyişiklik edilmədən verilir. Təkzib və ya cavabın mətni təkzib edilən və ya cavab verilən məlumatın həcmindən iki dəfədən çox olmamalıdır.

Cavab dərc olunan (efirə gələn) buraxılışda həmin cavabı şərh etməyə və ya təkzib etməyə yol verilmir. Cavaba cavab kütləvi informasiya vasitəsinin sonrakı buraxılışlarında yerləşdirilə bilər.

Təkzib, cavab və ya düzəliş rədd edildikdə bu barədə tələb etmiş şəxsə 3 gün müddətində əsaslandırılmış məlumat verilməlidir.

Təkzibdən imtina üçün aşağıdakılar əsas ola bilər:
məhkəmənin qanuni qüvvəyə minmiş qərarına ziddirsə;
imzasızdırsa;
həmin məlumat və ya material barədə kütləvi informasiya vasitəsində artıq təkzib getmişdirsə;
təkzib və ya cavabın mətni təkzib edilən və ya cavab verilən məlumatın həcmindən iki dəfədən çoxdursa;
məlumatın və ya materialın kütləvi informasiya vasitəsində yayılmasından bir aydan çox müddət keçmişdirsə (vətəndaşın rəsmi sənədlərlə təsdiq olunan xəstəlik, məzuniyyət və ezamiyyə müddətləri istisna olmaqla).

Haqsız, qeyri-dəqiq və gizli reklam “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla təkzib olunur.

Maddə 60. Kütləvi informasiya azadlığından və jurnalist hüquqlarından sui-istifadəyə görə məsuliyyət

Kütləvi informasiya vasitəsinin redaksiyası (məsul redaktoru) və jurnalistlər (müəlliflər):
1) açıqlanması qanunla qadağan edilən məlumatları açıqladıqda;
2) baş redaktor (redaktor) mətbu nəşrdə çap olunan materialların bu Qanunun tələblərinə uyğun hazırlanmasına nəzarət etmədikdə;
3) bu Qanunda göstərilmiş hallardan başqa informasiyanı onun mənbəyini göstərmədən yaydıqda;
4) vətəndaşların şəxsi həyatına qəsd etdikdə;
5) pornoqrafik materialları dərc etdikdə və ya efirə verdikdə, o cümlədən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduqda Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyət daşıyırlar.

Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq kütləvi informasiya vasitələrinin nümayəndələri və başqa şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Maddə 61. Kütləvi informasiya vasitələri haqqında qanunun digər pozulma hallarına görə məsuliyyət

Kütləvi informasiya vasitələri haqqında Qanunun müddəaları aşağıdakı hallarda pozularsa:
1) təkzib, düzəliş və cavabdan əsassız olaraq imtina edildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərar və qətnaməsinə əməl etmədikdə – redaksiya (məsul redaktor);
2) bu Qanunun 9-cu, 11-ci, 13-cü, 21-ci və 28-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə – təsisçi, redaksiya, naşir və yayıcı;
3) çap məhsulunun qanuni əsaslarla yayılmasına mane olduqda, dövri mətbu nəşrin tirajının pərakəndə satışına qeyri-qanuni məhdudiyyətlər qoyulduqda – vəzifəli şəxslər;
4) xarici ölkələrin dövlət orqanlarının, hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində istehsal olunan (yayımlanan) kütləvi informasiya vasitələrini qanuna zidd şəkildə maliyyələşdirmələrinə yol verdiklərinə görə – təsisçi və baş redaktor (redaktor);
5) istehsalın və yayımın dayandırılması və ya ona xitam verilməsi barədə məhkəmə qətnaməsindən sonra redaksiya və nəşriyyat kütləvi informasiya vasitəsinin məhsulunu qeyri-qanuni hazırladıqda və yaydıqda – naşir, yayıcı və redaksiya (redaktor, baş redaktor) Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyət daşıyırlar.